Prezident İlham Əliyev ölkə ərazisində mövcud olan su çatışmazlığı və su anbarlarında yaranmış vəziyyət nəzərə alınaraq, su ehtiyatlarının artırılması, istehlakçıların içməli su və suvarma suyu ilə təchizatının yaxşılaşdırılması məqsədilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nı təsdiq edib.
Tədbirlər Planına əsasən, “Azərsu” ASC 2020-ci ilin avqust–sentyabr aylarında Bakı su kəmərinin məhsuldarlığının artırılması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirilməsini həyata keçirməli, 2020-ci il dekabrın 1-dək Neftçala şəhərinin içməli su təchizatı ilə bağlı proqramın icrasını başa çatdırmalıdır.
“Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə 2020-ci ilin avqust–sentyabr aylarında Oğuz–Qəbələ–Bakı su kəmərinin məhsuldarlığının artırılması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi, 2020-ci ilin avqust–dekabr aylarında Şollar su kəmərinin mənbəyinin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi tapşırılıb.
“Azərsu” ASC və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2020-ci ilin avqust–dekabr aylarında Kür-Araz ovalığında yerləşən və içməli su tələbatı Kür çayından təmin edilən yaşayış məntəqələrinin su təchizatının alternativ mənbələr hesabına təmin edilməsi ilə bağlı təkliflərin Nazirlər Kabinetinə təqdim edilməsi, əhalinin içməli su ilə təmin olunması məqsədilə regionlarda quraşdırılmış modul tipli sutəmizləyici qurğuların fəaliyyətinin yaxşılaşdırılması üçün Tədbirlər Planının hazırlanması və icrasının təmin edilməsi tapşırılıb.
Bundan başqa, “Azərsu” ASC-yə 2020-2021-ci illərdə içməli su təchizatı sahəsində sayğaclaşmanın başa çatdırılması tapşırılıb.*
B.Rüstəmbəyov