Bazar ertəsi Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın rusiyalı həmkarı Vladimir Putin ilə telefon danışığı baş tutub. Söhbət zamanı xüsusilə Ermənistan və Azərbaycan arasında böhran müzakirə olunub. Bu barədə Türkiyənin Anadolu agentliyi məlumat verir.
“Ərdoğan və Putin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, Azərbaycan və Ermənistan arasında gərginlik, o cümlədən Liviyadakı vəziyyəti müzakirə ediblər”, - agentlik yazır.
Bazar ertəsi Azərbaycan Müdafiə Nazirliyi məlumat verib ki, Azərbaycanda Türkiyənin hərbi qulluqçularının iştirakı ilə birgə genişmiqyaslı hərbi təlimlər keçiriləcək. Avqustun 1-dən 5-dək Bakıda və Naxçıvanda baş tutacaq təlimlər hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə keçiriləcək.
MN-dən bildirilir ki, hərbi aviasiya vasitələrinin iştirakı ilə təlimlər iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.
Təlimlər çərçivəsində döyüş atışlarının icrası planlaşdırılır.
Manevrlər bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərginləşdikdən sonra keçiriləcək. **