Azərbaycan və Türkiyənin birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri plana uyğun olaraq keçirilir. Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
“Qeyd olunan birgə hərbi təlimlər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən bildirildiyi kimi, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən və illik plana uyğun olaraq keçirilən təlimlərdir. Bu təlimlər iki ölkənin silahlı qüvvələri arasında əlaqələndirmənin güclənməsinə və qabaqcıl təcrübə mübadiləsinə xidmət edir, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir”, - Abdullayeva “İnterfaks-Azərbaycan”a bildriib.
Xəbər verildiyi kimi, iyulun 29-dan avqustun 10-dək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.
Birgə təlimlərdə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək.**
X.Nəsirzadə