Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Təlimin ssenarisinə əsasən, Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri tam döyüşə hazırolma vəziyyətinə gətirilərək “Həyəcan” siqnalı ilə təlim rayonuna çıxarılıb”, - deyə məlumatda bildirilir.
Komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə qoşunların fasiləsiz idarə olunması praktiki yerinə yetirilir, birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun qaydada fəaliyyət göstərir. Döyüş təyyarələri, hərbi daşıma və zərbə helikopterlərinin cəlb edildiyi təlimdə çətin pilotoji manevrlərlə təlim-məşq uçuşları keçirilir.*
B.Rüstəmbəyov