“Oğuz Aqro İndustry” MMC Azərbaycanın 6 rayonunda yeni tütünçülük təsərrüfatlarının yaradılmasını planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilir.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bu məsələnin müzakirəsi məqsədilə şirkətlərin nümayəndələri və yaponiyalı investorları ilə görüşüb.
Görüşdə qeyd olunub ki, hazırda şirkət Oğuz, Qəbələ və Tovuz rayonlarındafəaliyyət göstərir. Həmin rayonlarda yerləşən 210 hektar ərazidə tütün əkilib və məhsulun qurudulması üçün Avropa ölkələrindən 50 ədəd tam avtomatlaşdırılmış tütünqurutma kamerası gətirilib. 2020-ci ildə 2 min ton yaş tütün tədarük olunmaqla 800 tona yaxın hazır məhsul əldə olunması nəzərdə tutulur.
Yaponiyalı investor tərəfindən .irkətin inkişafına 2,2 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. Hazırda müəssisədə 150 nəfər daimi, 300-dən çox mövsimi işçi çalışır.
Gələcəkdə Oğuz, Tovuz və Qəbələ rayonları ilə yanaşı, Şəki, Zaqatala, Qax, İsmayıllı, Masallı, Tovuz və Balakəndə də tütünçülük təsərrüfatlarının yaradılması nəzərdə tutulur.
KOBİA-dan məlumat verilib ki, dövlət və özəl qurumlarla əlaqələndirmə üçün şirkətə zəruri yardım göstərilib. Xüsusilə, “Oğuz Aqro İndustry” MMC-yə investisiya təşviqi sənədi də verilib ki, bu müəssisəni 7 il müddətinə mənfəət vergisinin 50%-dən, əmlak, torpaq vergilərindən, idxal olunan avadanlıq və qurğular üçün ƏDV-dən və gömrük rüsümlarından azad edir. **
B.Rüstəmbəyov