2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 28 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bu dövrdə respublika ərazisində 8,274 min təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 16% çoxdur.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 28 nəfər (bir il öncə - 49 nəfər) həlak olub, 107 nəfər (bir il öncə - 178 nəfər) xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 13 nəfər xilas edilib, 299 min nəfər təxliyə olunub.
Hesabat dövründə respublika ərazisində 43 partlayış hadisəsi baş verib. Bu isə ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 4,9% çoxdur. Partlayışlar zamanı 4 nəfər həlak olub, 45 nəfər xəsarət alıb, 2 nəfər xilas edilib.**
X.Nəsirzadə