"Azərkimya" İstehsalat Birliyinin (SOCAR-ın strukturu) Etilen-Polietilen zavodunun ərazisində baş vermiş yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilir.
“Zavodun ümumi sahəsi 1,2 min kvadratmetr olan qazayırma sahəsində qaztəmizləmə kolonunun içərisində yanacaq qalıqları yanıb. Digər avadanlıqlar, kommunikasiya xətləri və yaxınlıqdakı istehsalat sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - FHN-dən bildirilir.
SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov yerli mətbuata müsahibəsində bildirib ki, yanğın qaynaq işləri zamanı baş verib.
“Hazırda plana uyğun olaraq illik texniki baxış ilə əlaqədar müəssisədə istehsalat işləri dayandırlıb. Zavodun modernizasiya və yenidən qurulması işlərinin son mərhələsi aparılır. Podratçı tətrəfindən həyata keçirilən işlər zamanı qısa alışma olub, lakin yanğın tez zamanda söndürülüb”, - o vurğulayıb.
Onun sözlərinə görə, hadisə zamanı zavodun bir neçə əməkdaşı xəsarət alıb.
Öz növbəsində, “İnterfaks-Azərbaycan”a TƏBİB-dən məlumat verilib ki, yanğın nəticəsində 7 nəfər xəsarət alıb. “Onlardan biri artıq evə buraxlıb, 6 nəfər Bakıya göndərilib. Həmin şəxslərdən birinin vəziyyəti ağır kimi qiymətləndirilir”, - TƏBİB-dən vurğulanıb. **
Ə.Məmmədov