Bakı Nəqliyyat Agentliyi 2020-ci il avqustun 10-dan etibarən ekspress xəttlərdə istifadə olunan avtobusların sayını artırır.
“10 avqust tarixindən mərhələ ilə 80-ə yaxın avtobus cəlb olunmaqla 5 əlavə ekspress xətt də istifadəyə veriləcək. Bu xətlərdən 3-ü ətraf qəsəbələrə işləyəcək. Bunun sayəsində gün ərzində Mərdəkan, Maştağa, Bilgəh və Nardaran bağları istiqamətində təxminən 36 min – 40 min nəfər sərnişin şəhər mərkəzinə rahat gediş-gəliş imkanı əldə edəcək”, - Agentlikdən qeyd olunur.
Beləliklə, ekspress xəttlərin sayı 12-dək artırılacaq.
Agentliyin qeyd etdiyi kimi, əlavə ekspress xəttlərin istifadəyə verilməsi karantinin yumşaldılması səbəbindən sərnişinlərin sayının artması ilə əlaqədardır.
Məlumata əsasən, gündəlik sərnişin axını 17-25% artıb.
“Adi yay rejimi ilə müqayisədə hazırda xətlərə 45% əlavə avtobus çıxarılır”, - BNA-dan bildirilir.
Məlumata görə, 24 mart tarixindən 7 ekspress avtobus xətti istifadəyə verilib. Ümumilikdə 160 marşrut xətti üzrə 1900-dən artıq avtobus cəlb edilib. 24 mart - 6 avqust tarixlərində 7 ekspress xətt üzrə ümumilikdə 2.795.613 sərnişin daşınıb. Martın 1-dən avqustun 6-dək olan tarixlərdə isə ümumilikdə avtobuslarla daşınan sərnişin sayı 137.292.769 olub. **
X.Nəsirzadə