Dövlət Gömrük Komitəsi (DGK) 2020-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 2 milyard 360 milyon 37,2 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2019-cu ilin yanvar-iyul aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 2 milyard 478 milyon 555,3 min manat təşkil edib. Beləliklə, bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinə köçürmələr 4,8% azalıb.
Bu dövrdə dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 1 milyard 691 milyon 438,1 min manat, aksizlər üzrə 78 milyon 489,2 min manat, yol vergisi üzrə 21 milyon 543,8 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 568 milyon 566,1 min manat məbləğində olub.
2020-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 4 milyard manat məbləğində müəyyən edilmişdi. Lakin avqust ayında parlament 2020-ci il dövlət büdcəsində dəyişiklikləri qəbul etdikdən sonra DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3 milyard 830 milyon manatadək azaldılıb.*
N.Abbasova