“Qarabağ” yatağında ilk neft və qaz hasilatına 2022-ci ilin sonunda başlanılacaq. Bunu prezident İlham Əliyev deyib.
“Əgər hər şey plan üzrə getsə, hesab edirəm ki, iki ildən sonra - 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır. “Qarabağ” yatağının neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilir. Ancaq mən tam əminəm ki, işlənmə dövründə bu rəqəm artacaq. Bunu deməyə əsas verən odur ki, “Qarabağ” yatağı “Azəri”, “Çıraq, və “Günəşli” yataqlarının yanında yerləşir, məsafə o qədər də böyük deyil”, - deyə dövlət başçısı AzTV-yə müsahibəsində bildirib.
O xatırladıb ki, “Azəri”, “Çıraq”, “Günəşli” yataqları üzrə kontrakt 1994-cü ildə hazırlanarkən o vaxt xarici tərəfdaşlar bu yataqların potensialını 511 milyon ton neft həcmində dəyərləndirmişdilər.
“Ancaq həyat onu göstərdi və bu gün bu təsdiq olunub ki, “Azəri, “Çıraq, “Günəşli” yataqlarının potensialı 1 milyard ton neftdən çoxdur. Ona görə bu və digər geoloji amillər deməyə əsas verir ki, “Qarabağ” neft yatağında daha böyük həcmdə təbii ehtiyatlar var. Hasilata gəldikdə isə, bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcək. Əlbəttə ki, Azərbaycanda neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün bunun böyük faydası olacaqdır”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident İ.Əliyev bu gün Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.
“Qarabağ” dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib.
Xəbər verildiyi kimi, SOCAR və “Equinor” şirkətləri cari ilin mart ayında Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” yatağının kəşf olunduğunu təsdiq ediblər. Yatağın məhsuldar layları 3,4 kilometr dərinlikdə yerləşir. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır.
Növbəti mərhələ stansionar dəniz özülünün quraşdırılması və hasilata başlanılmasıdır.
Daha əvvəl SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, “Qarabağ” yatağından hasilata 2021-ci ildə başlanılacağı gözlənilir.
Yatağın ilkin işlənmə layihəsi 12 quyunun - 6 neft hasilatı, 3 qaz və 3 suvurma quyusunun qazılmasını nəzərdə tutur. Yataqdan hasil edilən neft və qaz “Günəşli” yatağındakı infrastruktur vasitəsilə sahilə çatdırılacaq.
31 may 2018-ci il tarixində Bakıda SOCAR və “Equinor” arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) haqqında saziş imzalanıb. Layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılıb.
“Qarabağ” yatağı Bakıdan 120 km şərqdə yerləşir. Yatağın ərazisində dənizin dərinliyi 180 metrdir.*
N.Abbasova