Azərbaycan Mərkəzi Bankı Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə maliyyə xidmətləri sahəsində əməkdaşlıq edəcək. Bu barədə AMB-nin mətbuat xidməti məlumat verir.
Məlumata görə, AMB və IFC arasında “Azərbaycanda Elektron və Rəqəmsal Maliyyə Xidmətləri” layihəsinin icrasına dair Əməkdaşlıq Müqaviləsi imzalanıb. Layihənin məqsədi bank məhsul və xidmətlərə əlçatanlığın yüksəldilməsi və maliyyә resurslarına çıxışın daha effektiv və innovativ müstəvidə qurulması, elektron vә rәqәmsal maliyyә xidmәtlәri üzrə agent şәbәkәsinin imkanlarından istifadə etməklə әhalinin maliyyә inklüzivliyinin artırılmasıdır.
“Layihə çərçivəsində bank məhsul və xidmәtlәrinin əlçatanlığı üzrə normativ hüquqi bazanın yaradılması, açıq bankçılıq yanaşmasının tətbiqi ilə bağlı yol xəritəsinin hazırlanması, Ani Ödənişlər Sisteminin fəaliyyəti, habelə məsafədən identifikasiya olunmaqla bank məhsul və xidmətlərin (bank hesabının açılması, kredit alınması) əldə edilməsi imkanlarının yaradılması üzrə hüquqi aktlara dair tövsiyələrin hazırlanması kimi istiqamətlərdə işlərin görülməsi nəzərdə tutulur. Eyni zamanda, bank və müəssisələrin innovativ maliyyə xidmətlərini və məhsullarını sınaqdan keçirməyə imkan verən xüsusi tənzimləyici test rejiminin yaradılması məqsədilə birgə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur”, - məlumatda qeyd edilir.
Layihənin ölkədə maliyyə xidmətləri və ödəniş sistemlərinin inkişafı, bank xidmətlərindən məhdud istifadə edən və ya xidmətlərə çıxışı olmayan əhalinin yaşadığı ucqar ərazilərdə daha səmərəli və effektiv kanallarla rəqəmsal maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi və bununla da ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacağı planlaşdırılır. **
X.Nəsirzadə