Azərbaycan sərhədçiləri bazar ertəsi gecə saatlarında Gürcüstanla sərhədi qanunsuz keçməyə çalışan bir qrup şəxsi saxlayıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidməti məlumat verir.
“2020-ci ilin 10 avqust tarixində saat 03:05 radələrində “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində naməlum şəxslərin hərəkəti sərhəd naryadı tərəfindən aşkar edilib. Nəticədə xidməti ərazidə hərəkətdə olan 14 nəfər şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb. Saxlanılmış şəxlərin Ağstafa rayon sakinləri olmaları müəyyən edilmiş, onlardan 7-sinin azyaşlı olması nəzərə alınmaqla Ağstafa rayonu icra hakimiyyətinin başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya təhvil veriliblər”, - məlumatda qeyd olunur.
Fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir. **
X.Nəsirzadə