Serbiyanın baş nazirinin müavini və daxili işlər naziri və Milli Təhlükəsizlik Şurasının katibi Neboyşa Stefanoviç Bakıda Azərbaycan hökumətinin nümayəndələri ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məqsədilə məsələlərin geniş dairəsinin müzakirə olunduğunu bəyan edib.
“Bugünkü görüşdə Azərbaycan tərəfinin nümayəndələri ilə təhlükəsizlik sahəsində əməkdaşlıq, məxfi məlumatların mübadiləsi sahəsində əməkdaşlığn genişləndirilməsi, terrorçuluğa qarşı mübarizə məsələləri müzakirə olunub”, - Stefanoviç çərşənbə axşamı Bakıda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, həmçinin tərəflər iqtisadi əməkdaşlıq sahəsində müzakirələr aparıblar. “Biz Serbiyada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin fəaliyyətindən çox razıyıq, onlar çox səmərəlidir. Hesab edirik ki, bu əməkdaşlıq genişləndirilməlidir, bunun üçün böyük potensial var. Bu cür əməkdaşlıq hər iki tərəf üçün səmərəli ola bilər”, - o əlavə edib.
Serbiyanın baş nazirinin müavininin rəhbərliyi altında nümayəndə heyəti bu gün səhər Bakıya gəlib və Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər nazirinin müavini Araz Əzimov ilə görüş keçirib.
“Görüş zamanı Azərbaycan-Serbiya münasibətlərinin cari vəziyyəti müzakirə olunub, tərəflər müxtəlif sahələrdə, o cümlədən siyasi və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərinə dair fikir mübadiləsi aparıblar, həmçinin bu istiqamətdə gələcəkdə birgə addımları müzakirə ediblər”, - “İnterfaks-Azərbaycan”a Təhlükəsizlik Şurasının katbiliyindən məlumat verilib.
Eyni zamanda, tərəflər iki ölkə arasında hərtərəfli əməkdaşlığın gələcək inkişafı üçün böyük potensialın mövcudluğunu qeyd ediblər.
Xəbər verildiyi kimi, Neboyşa Stefanoviç Ermənistan-Azərbaycan sərhədində döyüşlər zamanı Serbiya istehsalı olan silahlardan istifadə məsələsinin araşdırılması məqsədilə Bakıya səfərə gəlib. Səfərə dair razılıq avqustun 7-də Azərbaycan və Serbiya prezidentlərinin telefon danışığı zamanı əldə olunub.
Xatırladaq ki, Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
“Görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən Serbiyadan Ermənistana minaatanlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcmdə silah-sursatın göndərildiyini qarşı tərəfə bildirib. Bu xüsusda, Serbiya tərəfinin Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf və acı məyusluq doğurduğunu bildirilib. X.Xələfov bu cür qeyri-dost fəaliyyətlərin Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq münasibətlərini və strateji tərəfdaşlığa xələl gətirdiyini, yüksək səviyyədə mövcud qarşılıqlı etimada kölgə saldığını vurğulayıb”, - deyə XİN-in məlumatında bildirilib.
Qeyd olunub ki, Ermənistan hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı əsasən müxtəlif kalibrli minaatanlardan istifadə edilib.
D.Veinoviç qeyd olunan məsələlərlə bağlı məlumatının olmadığını söyləyib, məlumatları Serbiya tərəfinə çatdıracağını vəd edib.**
X.Nəsirzadə