Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bəyan edib ki, Ankara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin istənilən həll variantında Azərbaycanı dəstəkləyəcək.
“Ermənistan uzun illərdir ki, qardaş Azərbaycanın ərazilərinin 20%-ni işğal altında saxlayıb. BMT TŞ və digər beynəlxalq təşkilatların qərarları və qətnamələrinə baxmayaraq, Ermənistan münaqişənin həllindən yayınır. Bu yaxınlarda, iyulun 12-də baş tutan təxribatın misalında Ermənistan bütün dünyaya sülh danışıqları üçün təhlükəsiz şəraitin yaradılmasına əngəl olduğunu nümayiş etdirir”, - Çavuşoğlu bu gün Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu da daxil olmaqla, beynəlxalq birlik münaqişənin həlli üçün ciddi səy göstərmir.
“Biz bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq əsasında həllini dəstəkləyirik. Azərbaycanın hansı qərarı qəbul etməsindən asılı olmayaraq, biz onu dəstəkləyəcəyik”, - o əlavə edib. **
X.Nəsirzadə