Dünən Azərbaycan prezidenti İlham Əliyev rusiyalı Vladimir Putin ilə telefon danışığı zamanı iyulun 17-dən başlayaraq Ermənistana 400 tondan artıq hərbi təyinatlı yüklərin daşınması məsələsinə toxunub. Bu barədə Azərbaycan prezidentinin Mətbuat Xidməti məlumat verir.
“Avqustun 12-də İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə telefonla zəng edib. Prezident Əliyev Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlət başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb”, - məlumatda qeyd olunur.
İ.Əliyev iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya prezidentinin diqqətinə çatdırıb.
“Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirmiş və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb”, - məlumatda deyilir.
Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.
“Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın gündəliyinə aid məsələlər müzakirə edilmiş və Azərbaycan-Rusiya tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmləndirilməsinə dair qarşılıqlı niyyət ifadə olunub. Prezident İlham Əliyev Vladimir Putini Rusiyada COVID-19-a qarşı peyvəndin qeydiyyata alınması ilə bağlı təbrik edib”, - məlumatda bildirilir. **
A.Əzizov