Azərbaycan Ordusu Ermənistan hərbçilərinin təxribatlarının qarşısını qətiyyətlə alacaq. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.
“Bir daha qətiyyətlə bildiririk ki, Azərbaycan Ordusu Ermənistanın bütün atəş nöqtələrini, hərbi dayaq məntəqələrini və digər legitim hərbi hədəflərini məhv etmək potensialına malikdir və buna qadirdir. Ermənistanın hər bir təxribatının qarşısı Tovuz döyüşlərində olduğu kimi qətiyyətlə alınacaq və bu kimi təxribatların törədilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcəkdir”, - deyə bəyanatda qeyd olunur.
“Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə yaşayış məntəqələrimizi və dinc əhalini atəşə tutaraq bir nəfər kənd sakinini qətlə yetirən düşmən təxribatının qarşısı Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətlə alındı”, - deyə bəyanatda vurğulanır.
Nazirlik bildirir ki, Azərbaycanın Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Ermənistan tərəfindən irəli sürülən hədələr düşmənin növbəti hərbi avantürası olmaqla yanaşı işğalçılıq siyasətinin göstəricisidir və bu, onların növbəti təxribat əməlləri törətmək niyyətindən xəbər verir.*
X.Nəsirzadə