Hazırda Azərbaycan hökuməti təhsil müəssisələrinin və rayonlara gediş-gəlişin açılması məsələsini öyrənir. Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Təhsil müəssisələrinin açılması ilə bağlı məsələ fəal şəkildə öyrənilir və müzakirə edilir. Biz digər ölkələrin təcrübəsini də öyrənirik”, - deyə H.Hacıyev bildirib.
Onun sözlərinə görə, konkret qərar barədə danışmaq tezdir. Hər şey epidemioloji vəziyyətdən asılı olacaq.
Rayonlara gediş-gəlişin açılması məsələsinə toxunan şöbə müdiri qeyd edib ki, hazırda bu məsələ müzakirə mərhələsindədir.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 13 şəhər və rayonda elan edilmiş sərtləşdirilmiş karantin rejimində dəyişiklik haqqında qərar qəbul edib.
Qərara əsasən, 2020-ci il avqustun 18-dən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.
Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçirilir.*
Ə.Məmmədov