15.08.2020 12:01

Azərbaycanda mikro sahibkarlara 12,3 milyon manat məbləğində əlavə maliyyə dəstəyi göstərilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinə əlavə maliyyə yardımının göstərilməsi prosesini başa çatdırıb. Bu barədə Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva məlumat verib.

“Sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsinin ikinci mərhələsi çərçivəsində 49,329 min nəfərə 12,3 milyon manat ödənilib", - deyə o, bu gün keçirilən brifinqdə bildirib.

Xəbər verildiyi kimi, koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə çalışan sahibkarlıq subyektlərinə avqust-sentyabr aylarında maliyyə dəstəyi göstəriləcək.

Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əməkhaqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

Bundan başqa, maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində belə dəstəyə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilib.*

Ə.Məmmədov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.