Ermənistan Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni fəaliyyətini davam etdirir. Bu barədə Xarici İşlər Nazirliyi və “Azərkosmos” ASC-nin yaydığı birgə açıqlamada deyilir.
“Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində işğalçı ölkənin qeyri-qanuni fəaliyyəti, o cümlədən məskunlaşdırma siyasəti davam etdirilir. “Azərkosmos” ASC-nin “Azersky” peyki vasitəsilə aparılmış monitorinqlər nəticəsində ölkəmizin işğal altındakı Kəlbəcər rayonunun ərazisində qeyri-qanuni yaşayış məskəninin salınması faktı öz təsdiqini tapıb. 2019-cu ilin sonlarından etibarən salınmağa başlamış bu yaşayış məskəni hazırda 15 evdən ibarətdir. İnşaat işlərinin sürəti və gedişi bu yaşayış məskəninin daha da genişlənəcəyini deməyə əsas verir. Düşmənin bu cür süni məskunlaşdırma siyasətinin tərkib hissəsi olaraq son illər işğal altında olan rayonlarda, o cümlədən Cəbrayılda “Aracamux”, Laçında “Ariavan” adlı yaşayış kompleksləri, Zəngilanda, Qubadlının Xanlıq kəndində yeni yaşayış məntəqələrində evlərin tikilməsi ilə bağlı qeyri-qanuni fəaliyyət həyata keçirilib”, - deyə açıqlamada bildirilir.
Peyk təsvirlərinin analizində göründüyü kimi, yeni yaşayış məntəqələrinin salınması faktı Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfinin beynəlxalq humanitar hüquq, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları və onların Əlavə protokollarına, insan hüquqları normalarına zidd olaraq qeyri-qanuni fəaliyyətini davam etdirdiyini sübut edir.
“Bu qanunsuz fəaliyyət Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarının işğalının davam etdirilməsi və möhkəmləndirilməsi, ərazilərimizin ilhaqı və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının qarşısının alınmasına yönəlib”, - deyə açıqlamada qeyd olunur.*
Ə.Məmmədov