Azərbaycan 2020-ci ilin I yarısında $22 milyon 739,46 min dəyərində 37 min 831,82 ton «Premium Euro-95» markalı avtomobil benzini idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə “Premium Euro-95” markalı benzinin idxalı miqdar ifadəsində 87,5%, dəyər ifadəsində 47,9% artıb.
«$21 milyon 644,46 min məbləğində 36 min 279,69 ton (artım 2,3 dəfə) “Premium Euro-95” markalı benzin Rusiyadan, $1 milyon 95,01 min məbləğində 1 min 552,13 ton benzin İrandan (2019-cu ilin I yarısında benzin idxal olunmayıb – İF) idxal edilib”, - deyə məlumatda bildirilir.
Beləliklə, benzin idxalının 95,9%-i Rusiyanın payına düşüb.
Bundan başqa, 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana $987,17 min dəyərində (artım 22,1%) 1 min 194,54 ton (artım 31,5%) “Super Euro-98” markalı benzin idxal olunub. İyunda ölkəyə sözügedən markalı benzinin idxalı həyata keçirilməyib.
«Super Euro-98» markalı benzinin idxal strukturunda $404,64 min dəyərində 487,35 ton Belarusdan, $217,05 min dəyərində 268,3 ton Yunanıstandan, $201,45 min dəyərində 229,06 ton Rusiyadan, $164,04 min dəyərində 209,83 ton Rumıniyadan idxal olunub.
Xəbər verildiyi kimi, Azərbaycan 2019-cu ildə $40 milyon 660,42 min dəyərində 53 min 796,52 ton «Premium Euro-95» və $1 milyon 645,47 min dəyərində 1 min 806,8 ton «Super Euro-98» markalı benzin idxal edib.
«Premium Euro-95» və «Super Euro-98» markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin bir litrinin pərakəndə qiyməti 1,25 manat, “Super Euro-98” markalı benzinin - 1,4 manat təşkil edir.*
N.Abbasova