"AzerGold” QSC perspektiv sahələr üzrə axtarış və çöl-tədqiqat işləri üçün şirkət seçir. Bu barədə QSC-nin elanında deyilir.
Seçim təkliflər sorğusu üsulu ilə aparılır. Seçilən şirkətin həyata keçirəcəyə işlərin həcminə Daşkəsən dəmir filizi yatağı üzrə geoloji məlumatların rəqəmsallaşdırılması, topoqrafik çəkiliş və perspektiv sahələr üzrə axtarış və çöl-tədqiqat işləri daxildir.
Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 21 avqust 2020-ci il saat 15:00-a qədər qəbul olunur.
Avqustun 6-da Azərbaycan prezidenti İlham Əliyev “Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması məqsədilə “AzerGold” QSC-yə ilkin olaraq 3 milyon manat ayrılır.
Vəsait Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.**
N.Abbasova