Moskvada rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsovun “Ermənistanda nasizmin qəhrəmanlaşdırılması dövlət siyasəti: siyasi-hüquqi və tarixi-fəlsəfi təhlil” ("Государственная политика героизации нацизма в Армении: политико-правовой и историко-философский анализ") adlı monoqrafiyası nəşr olunub.
“Monoqrafiya rus və ingilis dillərində nəşr olunub”, - Kuznetsov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, monoqrafiya XXI əsrin əvvəlindən Ermənistan Respublikasında ən müxtəlif formalarda həyata keçirilən nasizmin qəhrəmanlaşdırılması dövlət siyasətinin çoxamilli qiymətləndirilməsinə həsr olunub. Cari əsrin əvvəlindən bu siyasi-hüquqi problem tarixi, hüquqi və siyasi nöqteyi-nəzərindən təhlil edilir. “Əvvəl dərc olunan və Rusiya və Azərbaycanın arxivlərində təkrar aşkar edilən tarixi sənədlər əsasında diqqət Ermənistan hakimiyyətinin nasist cinayətkar Njdenin (Qaregin Ter-Arutyunyan) və onun nasist və irqçi mahiyyətə malik olan tsexakron nəzəriyyəsi, həmçinin nasist cinayətkar və terrorçu Dronun (Drastamat Kanayan) şəxsiyyət və fəaliyyətinə yönəldilib”, - Kuznetsov qeyd edib.
O əlavə edib ki, bu, Njdenin cinayətkar əməllərinə həsr olunan ilk monoqrafiyası deyil. “Mən, Njdenin fəaliyyətinin Rusiya və Ermənistanda pislənməsi və ədalətin bərqərar olmasına, İrəvanın mərkəzində bu nasist tərəfdarına ucaldılan abidənin sökülməsinə nail olmayana qədər bu istiqamətdə işimi davam etdirmək niyyətindəyəm”, - Kuznetsov bəyan edib.
Tarixçi qeyd edib ki, bundan başqa, kitabda Ermənistanda nasizmin qəhrəmanlaşdırılması üzrə rəsmi hökumətin hərəkətləri ilə Njde və Dronun şəxsiyyətləri və intellektual irslərinin xatirələrə yazılması təcrübəsini açıq şəkildə təsdiq etməkdən imtina edən Rusiya XİN-in mövqeyi tənqid olunub.
“Nəşr peşəkar siyasətçilər, diplomatlar, hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanlarının əməkdaşları, tarixçilər, hüquqşünaslar, politoloqlar, ali məktəb müəllimləri, aspirantlar və ali təhsil müəssisələrinin tələbələri, həmçinin Cənubi Qafqaz regionunun müasir siyasi həyatı ilə maraqlanan geniş oxucu dairəsi üçün nəzərdə tutulur”, - Kuznetsov vurğulayıb. **
A.Əzizov