“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulması işlərinə başlayıb. Bu barədə ADY-nin məlumatında deyilir.
“Daha öncə mövcud olmuş Güzdək-Qaradağ xətti biryollu olub və bu da qeyd olunan marşrut üzrə hər iki istiqamətdə eyni anda qatarların hərəkətini mümkünsüz edib. 1963-cü ildən işləyən yol sonradan istismar üçün yararsız vəziyyətə düşüb və uzun müddət istifadəsiz qalıb. Yeni layihəyə əsasən yol tamamilə sökülərək genişləndirilir və hər iki istiqamətdə qatarların hərəkətinə imkan verən ikiyollu xətt salınır”, - deyə məlumatda bildirilir.
Ümumilikdə layihə üzrə 63 ədəd süni mühəndisi qurğularının salınması nəzərdə tutulub. Belə ki, bu yolda 2 stansiya, 2 körpü, 5 piyada keçidi, 4 avtomobil keçidi və 4 heyvan keçidi tikiləcək. Yolun ox üzrə uzunluğu 36 km, yan yollar ilə birlikdə 80 km olması nəzərdə tutulub.
“Bu yol şimaldan cənuba, eləcə də əks istiqamətdə yüklərin Abşeron yarımadasına daxil olmadan birbaşa daşınmasını asanlaşdıracaq. Nəticədə bu layihə Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarının genişlənməsinə böyük töhfə verəcək. Bu da öz növbəsində Azərbaycanın tranzit ölkə qismində mövqeyini daha da gücləndirəcək”, - deyə məlumatda qeyd olunur.
Yeni Güzdək-Qaradağ xəttinin istismarı Abşeron yarımadasında dəmir yolu şəbəkəsinin yüklülüyün azaldılmasına və Abşeron Dairəvi xətti üzrə sərnişin daşımalarının intensivliyinin artırılmasına da imkan yaradacaq.*
N.Abbasova