Moskvada ümid edirlər ki, iyulda Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi bir daha təkrarlanmayacaq. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Biz çox ümid edirik ki, iyulda baş verənlər bir daha təkrarlanmayacaq və digər maraqlı tərəflərlə, Azərbaycanın və Ermənistanın dostları ilə birlikdə buna kömək edəcəyik", - deyə o, bu gün Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Nazir vurğulayıb ki, hazırda ATƏT-in Minsk qrupu çərçivəsində "kifayət qədər ciddi" danışıqlar bazası hazırlanıb. "Bu bazanı itirmək acınacaqlı olardı. Təəssüf ki, biz danışıqların iştirakçılarının tərkibinin dəyişdirilməsi cəhdləri də daxil olmaqla, bu cür cəhdləri görmüşük, bu, həmsədrlər tərəfindən qəbuledilməzdir", - deyə Lavrov bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda baş vermiş gərginlikdən sonra "daha intensiv danışıqlar, əlbəttə, mane olmazdı".
XİN başçısı qeyd edib ki, bundan əvvəl Minsk qrupunun həmsədrləri regiona səfər etməyi, eləcə də Ermənistan və Azərbaycan XİN başçıları arasında təmas yaratmağı planlaşdırırdılar. "Bütün bu planların baş tutması üçün, əlbəttə, vəziyyət normallaşdırılmalı, o cümlədən artıq Qarabağda və həmsərhəd rayonlarda deyil, bilavasitə Azərbaycan-Ermənistan sərhədində insidentlərə son qoyulmalıdır", - deyə Lavrov vurğulayıb.*