Azərbaycan Xarici İşlər Nazirliyi ölkəyə 500 nəfər suriyalı döyüşçünün gətirilməsi barədə məlumatı dezinformasiya hesab edir. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
Ötən gün Rusiyanın “Nezavisimaya qazeta” nəşrində dərc olunmuş məqalədə yazılmışdı ki, dünyada baş verən münaqişələri işıqlandıran bir sıra Telegram kanallarının məlumatına əsasən, Azərbaycana 500 nəfərə yaxın türkmən əsilli suriyalı döyüşçü gətirilib.
“Növbəti dəfədir ki, Azərbaycana qarşı heç bir əsası olmayan, hər hansı fakta və etibarlı mənbəyə söykənməyən və tamamilə dezinformasiya xarakterli məlumatın yayılmasını müşahidə edirik. Bunu ölkəmizə qarşı böhtan xarakterli, çirkin kampaniya kimi qiymətləndiririk. Vurğulayırıq ki, Azərbaycanın güclü və peşəkar ordusu var və düşmən qüvvələrinin layiqli cavabını vermək, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etmək üçün ölkəmizin heç bir kənar qüvvəyə ehtiyacı yoxdur”, - deyə L.Abdullayevanın açıqlamasında bildirilir.
Onun sözlərinə görə, bu saxta kampaniyanın arxasında Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində Yaxın Şərq bölgəsindən muzdluları və terrorçuları cəlb etmiş Ermənistanın durduğu heç bir şübhə doğurmur.
“ASALA terror təşkilatının rəhbərlərindən olan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında birbaşa iştirak edən, uzun illər Livanda terrorçu təşkilatın üzvü kimi fəaliyyət göstərən Amerika əsilli Monte Melkonyanın Ermənistanın milli qəhrəmanı elan olunması, hətta bu qatı terrorçunun “qəhrəmanlığının” Ermənistanda orta məktəb dərsliyinə daxil edilməsi hər kəsə yaxşı bəllidir”, - deyə L.Abdullayeva vurğulayıb.*
X.Nəsirzadə