Belarus üçün Azərbaycan nefti ilə növbəti tanker Odessanın “Yujnıy” limanına çatıb, hazırda boşaldılır. Bu barədə “İnterfaks-Cənub” agentliyinə “Belneftexim” konserninin mətbuat xidmətindən məlumat verilib.
“SOCAR şirkətindən neft ilə növbəti tanker “Yujnıy” limanına çatıb və boşaldılır. Neft Mozırsk NEZ-ə çatdırılacaq”, - mətbuat xidmətinin nümayəndəsi deyib.
Avqustun 26-da “Belneftexim” ARDNŞ-dən 93-94 min ton həcmdə Azeri Light markalı neftin növbəti partiyasının alışını təsdiq edib.
“SOCAR Trading” iyun ayında Mozırsk NEZ-ə Supsadan 85 min ton həcmdə, iyulda – 89 min tona yaxın həmcdə bir partiya Azərbaycan nefti nəql edib. Öncə “SOCAR Trading” mart-aprel aylarında Odessa limanından Odessa-Brodı neft kəməri vasitəsilə Belarusa ümumi həcmi 335 min tona yaxın 4 partiya neft nəql edib. Ümumi həcmi 250 min ton 3 partiya neft mart ayında, 85 min ton bir partiya isə apreldə nəql olunub.
Neft Odessa-Brodı boru kəməri, daha sonra isə Broda-Mozırsk marşrutu ilə Mozırsk neft emalı zavoduna yola salınıb.
“Belneftexim”in məlumatına görə, SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona yaxın neft nəql edə bilər.
Odessa-Brodı kəməri vasitəsilə Azərbaycandan Belarusa neft 2011-ci ildə nəql olunub. Müqavilədə 4 milyon ton neftin nəqli nəzərdə tutulsa da, faktiki həcm təxminən 900 min ton təşkil edib.**