Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun və Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov arasında baş tutan telefon danışığı zamanı ikitərəfli münasibətlər müzakirə olunub.
Azərbaycan XİN-in məlumatına görə, danışıq zamanı qarşılıqlı əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparılıb. Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, həmçinin Özbəkistanın Müstəqil Dövlət Birliyində (MDB) hazırkı sədrlik dövründən irəli gələn məsələləri müzakirə ediblər.
Nazirər, həmçinin Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin bərpasına dair razılığa gəliblər.
Öz növbəsində, Özbəkistan XİN vurğulayır ki, koronavirus pandemiyası ilə əlaqədar yeni şəraitə baxmayaraq, Azərbaycan-Özbəkistan ikitərfli münasibətlər fəal inkişaf edir, cari ilin yanvar-iyul aylarında ticarət dövriyyəsi 163% artıb.
Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın son iclası 2012-ci il 9 oktyabr tarixində Bakıda keçirilib. **
X.Nəsirzadə