2020-ci ilin yanvar-iyun aylarında Belarusa $1,24 milyard dəyərində neft idxal olunub ki, bu da 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 61,9% azdır. "İnterfaks-Azərbaycan" agentliyinin məlumatına görə, bu barədə Belarus Milli Statistika Komitəsinin materiallarında bildirilir.
Yarım ilin nəticələrinə görə, Rusiyadan başqa daha 7 ölkə Belarusa neft tədarük edib. Eyni zamanda, Rusiya Belarusa əsas neft tədarükçüsü olaraq qalır - Rusiya Federasiyasından neft tədarükünün dəyəri $1 milyard (azalma 68,9%) təşkil edib. İlin birinci yarısında neft idxalının 80%-i Rusiyanın, 20%-i isə alternativ tədarükçülərin payına düşüb.
I yarımillikdə Azərbaycandan Belarusa $64,4 milyon, Litvadan $72,03 milyon, Norveçdən $52,57 milyon, ABŞ-dan $24,22 milyon, Səudiyyə Ərəbistanından $13,15 milyon, Ukraynadan $15,9 milyon dəyərində neft tədarük olunub.
Daha əvvəl verilən məlumata görə, Belarus I yarımillikdə Azərbaycandan Ukrayna limanları vasitəsilə ümumi həcmi 420 min ton olan 5 neft tankeri alıb. Norveçdən ümumi həcmi 165-170 min ton olan iki tanker daxil olub. Həmçinin hər biri 80-85 min ton həcmində bir tanker ABŞ-dan, bir tanker isə Səudiyyə Ərəbistanından alınıb. “Belneftexim” Litvanın limanları vasitəsilə treyderlərdən ümumilikdə 320 min ton Rusiya nefti olan 4 tankerin alınması barədə də məlumat verib.*