Cari ilin sonunadək Azərbaycanda 147 məktəb tikilərək istifadəyə veriləcək. Bunu prezident İlham Əliyev deyib.
“Bu il 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi artıq hazırdır və Bilik Gününə hazır vəziyyətə gətirilibdir. Bir neçə məktəbin açılışı bu ilin sonuna qədər nəzərdə tutulur. Onu da bildirməliyəm ki, 147 məktəbin 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilibdir. Artıq 17 ildir ki, Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür. Bildiyiniz kimi, Azərbaycanda yeni məktəblərin tikintisinin geniş vüsət alması Heydər Əliyev Fondu tərəfindən başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində həll olunmuşdur”, - İ.Əliyev çərşənbə axşamı yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində qeyd edib.
O cümlədən, prezident bildirib ki, son 2-3 il ərzində biz kiçik kəndlərdə modul tipli məktəblər inşa edilir. Bu il modul tipli 60 məktəbin tikintisi təmin edilir və ediləcək.
“Beləliklə,cəmi bir il ərzində 150-yə yaxın məktəb tikilir və əsaslı təmir edilir. Bildirməliyəm ki, son 17 il ərzində bütövlükdə Azərbaycanda 3,7 minə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Bu, bizim məktəb fondumuzun böyük əksəriyyətini təşkil edir. Çünki Azərbaycanda hazırda 4,5 minə qədər məktəb var, onların 3,7 mini tam yeni görkəm almışdır və yenidən inşa edilmişdir”, - İ.Əliyev vurğulayıb. **
X.Nəsirzadə