2020-ci il sentyabrın 1-nə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 516 milyon tona yaxın həcmdə neft hasil olunub. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.
“1 sentyabr 2020-ci il tarixinə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 516 milyon tona yaxın neft və 173 milyard kubmetr qaz hasil olunub. Dünya bazarlarında Azərbaycanın payına düşən 305 milyon ton mənfəət nefti satılıb ki, bu da həmin vaxtadək çıxarılmış “Azəri-Çıraq-Günəşli” neftinin59%-ni təşkil edir”, - deyə X.Yusifzadə bu gün rəsmi mətbuatda dərc olunmuş məqaləsində bildirib.
O vurğulayıb ki, cari ilin yanvar-avqust aylarında AÇG blokundan 15,937 milyon ton neft və 7 milyard 895,066 milyon kubmetr səmt qazı hasil edilib. Hasil edilmiş neftin 12 milyon tonu və ya 75%-i Azərbaycanın payına düşən mənfəət nefti olub.
SOCAR-ın birinci vitse-prezidenti qeyd edib ki, 2020-ci il sentyabrın 1-dək dünya bazarlarına 579 milyon ton Azərbaycan nefti çıxarılıb ki, bunun da 162 milyon tonu Bakı-Supsa, Bakı-Novorossiysk kəmərləri və dəmir yolu ilə, 417 milyon tonu isə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları BP (Britaniya - 30,37%), SOCAR (25%), MOL (Macarıstan - 9,57%), “ExxonMobil” (Amerika - 6,79%), ONGC (Hindistan - 2,31%), “Inpex Corp.” (Yaponiya - 9,31%), “ITOCHU Oil” (Yaponiya - 3,65%), “Equinor” (Norveç - 7,27%) və TPAO (Türkiyə - 5,73%) şirkətləridir.
Yeni saziş çərçivəsində 2017-2049-cu illərdə sərmayə qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir.*
N.Abbasova