Azərbaycan 2020-ci ilin iyul-avqust aylarında Rusiyadan taxıl idxalını 15% artırıb. Bu barədə "Rusaqrotrans" SC-nin analitik mərkəzi məlumat yayıb.
"Rusiya iyul-avqust aylarında xarici bazarlara 7,82 milyon ton buğda tədarük edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4% azdır. Lakin ixrac coğrafiyası və çeşidi fəal şəkildə genişlənir", - deyə məlumatda bildirilir.
Rusiyadan buğda alıcılarının reytinqinin ilk iki pilləsində ənənəvi olaraq Türkiyə və Misir qərarlaşıb.
Türkiyə 2020-ci ilin iyul-avqust aylarında Rusiyadan 2,05 milyon ton buğda idxal edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 33% azdır.
Misir Rusiyadan 1,27 milyon ton buğda idxal edib, bu isə bir il əvvəllə müqayisədə 1,4 dəfə çoxdur.
Banqladeş Rusiyadan buğda idxalını 2,2 dəfə - 0,7 milyon tona qədər artıraraq üçüncü pilləyə yüksəlib.
Dördüncü yerdə (ötən kənd təsərrüfatı ilində altıncı yer) qərarlaşan Azərbaycan Rusiyadan buğda idxalını 15% - 413 min tona qədər artırıb. Səbəb mövsümün sonuna qədər ehtiyatların səviyyəsinin çox aşağı olduğu Qazaxıstan tərəfindən rəqabətin olmamasıdır.*