Milli Məclisin sədri Sahibə Qafarova Moskvaya səfəri çərçivəsində bu gün Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Tərəflər siyasi dialoqun səviyyəsi və dinamikasından məmnunluq ifadə edib, Rusiya və Azərbaycan parlamentləri arasında möhkəm əlaqələrin olduğunu diqqətə çatdırıblar.
"Beynəlxalq forumlarda səmərəli qarşılıqlı fəaliyyətimiz formalaşıb, ikitərəfli əməkdaşlıq məsələlərinin geniş dairəsi üzrə intensiv dialoq aparılır", - deyə Matviyenko bildirib.
Onun sözlərinə görə, Milli Məclis və Federal Məclis arasında fəaliyyət göstərən parlamentlərarası komissiya effektiv mexanizmdir.
Görüşdə MDB Parlamentlərarası Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası, Parlamentlərarası İttifaq da daxil olmaqla, beynəlxalq parlament meydançalarında qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.
Matviyenko qadınların cəmiyyətdə və siyasi həyatda rolunun artması mövzusuna da toxunub.
O, Qafarovanı 2021-ci ildə Sankt-Peterburqda keçiriləcək III Avrasiya Qadınlar Forumunda iştirak etməyə dəvət edib.
Sahibə Qafarova dəvətə görə minnətdarlığını bildirib. O, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişaf etdiyini, iki ölkənin regionları arasında əməkdaşlığın genişləndiyini qeyd edib. "Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşıdır, Azərbaycan-Rusiya Regionlararası Forumu regionlar arasında əlaqələrin inkişafında mühüm rol oynayır", - deyə Azərbaycan parlamentinin sədri qeyd edib.
O, Azərbaycanda rus dilinə və rus mədəniyyətinə xüsusi münasibət göstərildiyini vurğulayıb.
Tərəflər, həmçinin mədəni-humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələləri də müzakirə ediblər.*
A.Əhmədova