Azərbaycan prezidenti İlham Əliyev Qarabağ məsələsində daimi dəstəyinə görə Pakistana minnətdarlığını bildirib.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycana daimi dəstəyinə görə Pakistana minnətdarıq”, - Əliyev bu gün Pakistanın Bakıda yeni səfirinin etimadnaməsini qəbul edərkən bildirib.
“Biz bu dəstəyi hiss edirik. Biz əməkdaşlığımızın bütün illəri boyunca bu dəstəyi hiss edirik. Siz də təsəvvürünüzə gətirə bilərsiniz ki, bu mühüm məqamda yanınızda kimin durması aydın görünür. Biz görürük ki, bu gün bizim yanımızda olanlar öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrdir - qardaş Türkiyə və qardaş Pakistan”, - dövlət başçısı qeyd edib.
“Türkiyə prezidenti Ermənistan-Azərbaycan münaqişəsi məsələsi ilə bağlı çox qətiyyətli mövqeyini dəfələrlə ifadə edib və Ermənistanın təcavüzü zamanı o, bir neçə dəfə açıq şəkildə bəyanat verib ki, Türkiyə bizim yanımızdadır, Azərbaycan tək deyil. Mən qardaşıma, bütün türk qardaşlarımıza, Türkiyənin bütün liderlərinə minnətdaram! Türkiyənin bütün aparıcı siyasi partiyaları da Azərbaycana dəstək olaraq yekdil mövqe ifadə etdilər. Biz onlara minnətdarıq. Biz, həmçinin bu mühüm məqamda bizim yanımızda olmaqla qəti mövqe nümayiş etdirən Pakistandakı qardaşlarımıza minnətdarıq. Bu, necə deyərlər, həqiqət anıdır. Biz kimin kim olduğunu görürük, kimin bizim yanımızda möhkəm dayandığını görürük və bunu heç vaxt unutmayacağıq”, - Əliyev deyib.**
B.Rüstəmbəyov