“Moskvanın Azərbaycan icması” regional ictimai təşkilatı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib ki, hazırda silahlı qüvvələrdə könüllülərə ehtiyac yoxdur.
“İnsanlar bizə müraciət edirlər, onlar qayıtmaq və ölkələrinə faydalı olmaq istəyirlər. Lakin Azərbaycan elan edib ki, hava sərhədləri bağlıdır, indi təyyarələrin uçuşu yerinə yetirilmir. Bundan başqa, öz vətəndaşlarımızın cəlb edilməsinə hələlik ehtiyac yoxdur. Ölkədə qoşunların sayı az deyil, kifayət sayda hərbçilər və ehtiyatda olanlar var”, - təşkilatın rəhbəri Şamil Tağıyev “İnterfaks”a bildirib.
İcma izahat işi apararaq Rusiya vətəndaşlığı əldə edən həmvətənlərə xəbərdarlıq edir ki, onların hərbi münaqişədə iştirakı qanunsuzdur. “Söhbət yalnız Rusiyada yaşayan Azərbaycan vətəndaşlarından gedir. Rusiya vətəndaşlarına xəbərdarlıq edirik ki, bu münaqişədə iştirak etmək üçün hüquqları yoxdur”, - Tağıyev bildirib.