BMT Təhlükəsizlik Şurasının üzvləri Ermənistanı və Azərbaycanı hərbi əməliyyatları dərhal dayandırmağa və konstruktiv danışıqlara qayıtmağa çağırıb.
“Təhlükəsizlik Şurasının üzvləri Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca genişmiqyaslı hərbi əməliyyatlarla bağlı məlumatlardan narahatlıqlarını ifadə ediblər. Onlar güc tətbiq olunmasını qətiyyətlə pisləyir və mülki əhali də daxil olmaqla, insan tələfatından təəssüflənirlər”, - deyə TŞ-də Dağlıq Qarabağdakı vəziyyətin müzakirəsindən sonra mətbuat üçün hazırlanmış materiallarda bildirilir.
Şura üzvləri BMT baş katibinin tərəflərin hərbi əməliyyatları dərhal dayandırması, gərginliyi azaltması və dərhal konstruktiv danışıqlara qayıtması çağırışını dəstəkləyiblər.
"Təhlükəsizlik Şurasının üzvləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin vacib rolunu tam dəstəklədiklərini bildiriblər və tərəfləri ilkin şərtlər olmadan dialoqu ən qısa zamanda bərpa etmək üçün onlarla sıx əməkdaşlıq etməyə çağırıblar", - deyə məlumatda qeyd olunur.*