Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla ayrı-ayrılıqda telefon danışıqları zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin inkişafını müzakirə edib.
"Rusiya tərəfi davam edən genişmiqyaslı döyüş əməliyyatlarından ciddi narahatlığını ifadə edib. Atəşin dərhal dayandırılmasına və gərginliyin azaldılmasına, habelə təxribat xarakterli və davakar ritorikanın yolverilməzliyinə çağırış səsləndirilib. Tərəflərin tezliklə danışıqlar masasına qayıtmasının zəruriliyi vurğulanıb", - deyə Rusiya Xarici İşlər Nazirliyinin bu gün yaydığı məlumatda bildirilir.
Söhbət zamanı Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi də daxil olmaqla, müvafiq təmasların qurulması üçün Moskvanın meydança təqdim etməyə hazır olması təsdiqlənib.
"Lavrov vurğulayıb ki, Rusiya həm milli baxımdan, həm də ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik vasitələrlə həllinə şəraitin yaradılması istiqamətində vasitəçilik səylərini davam etdirəcək", - deyə məlumatda qeyd olunur.*