Gürcüstanın xarici işlər naziri David Zalkaliani Qarabağ münaqişəsi tərəflərinin nümayəndələrinin Tbilisidə görüşünün təşkil edilməsi ilə bağlı ölkənin baş naziri Georgi Qaxariyanın təşəbbüsünü vaxtında atılmış addım hesab edir.
"Ümid edirəm ki, Azərbaycan və Ermənistan bu təşəbbüsə adekvat cavab verəcəklər", – deyə o, bu gün Brüsseldə jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, Brüsseldə görüşlər zamanı avropalı tərəfdaşlar bu prosesdə Gürcüstana tam dəstək ifadə ediblər.
O vurğulayıb ki, Gürcüstan beynəlxalq ictimaiyyətin gərginliyin azaldılması və sülh danışıqlarına başlanılmasının zəruriliyi ilə bağlı çağırışlarına tamamilə qoşulur. Çünki “vəziyyət gərginləşərsə, bu, təkcə Cənubi Qafqaz üçün deyil, bütün Qara dəniz regionu üçün də təhlükə yaradacaq və onun regiondan kənarda yayılma ehtimalı çox yüksəkdir”.*