08.10.2020 09:31

Azərbaycan və Almaniya XİN başçıları Qarabağda vəziyyəti müzakirə ediblər

Azərbaycan və Almaniyanın xarici işlər nazirləri Ceyhun Bayramov ilə Heiko Maas arasında telefon danışığı baş tutub. Bu barədə XİN-in Mətbuat Xidməti idarəsindən məlumat verilir.

Söhbət zamanı Bayramov Maasa Dağlıq Qarabağ münaqişəsi zonasında cari vəziyyət barədə məlumat verib, tərəflər bu məsələ ilə bağlı fikir mübadiləsi aparıblar.

“Almaniyanın xarici işlər naziri bölgədə baş verən gərginliyin alovlanmasından ciddi narahatlığını ifadə edib və məsələnin həlli üzrə siyasi dialoqun zəruriliyini vurğulayıb. Bayramov bölgədəki son gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxslərini və obyektlərini qəsdən atəşə tutması barədə almaniyalı həmkarına məlumat verib”, - məlumatda qeyd olunur.

Bayramov bəyan edib ki, təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərinin hədəfə çevrilməsi mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələnib, habelə Ermənistanın Bakı-Tibilisi-Ceyhan boru kəmərini hədəfə almaq cəhdini həmkarının diqqətinə çatdırıb.

Ceyhun Bayramov həmsöhbətinə bu günə qədər Ermənistanın açdığı atəş nəticəsində 29 azərbaycanlı mülki şəxsin həlak olduğu və 144 nəfərin isə yaralandığı barədə məlumat verib.

“Bayramov BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinin bölgədə sülhün təmin edilməsi üçün mühüm şərt olduğunu qeyd edib”, - məlumatda qeyd olunur. **

X.Nəsirzadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.