Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakıda və Abşeron yarımadasında günəş və külək elektrik stansiyalarının inşa edilməsini təklif edir. "İnterfaks-Azərbaycan" agentliyinin məlumatına görə, bu təkliflər 2040-cı ilədək Bakı şəhərinin Baş Planı layihəsinə daxil edilib.
"Havaya atılan karbon emissiyalarının həcminin azaldılması məqsədilə bərpa olunan enerji istehsalının artırılması tövsiyə olunur. Baş Plan çərçivəsində günəş və külək elektrik stansiyaları üçün əlverişli şəraitə malik altı geniş ərazi müəyyən edilib. Qeyd edilən ərazilər ümumilikdə 3,717 min hektar sahəni əhatə edir", - deyə sənəddə qeyd olunur.
Bundan başqa, elektrik enerjisi şəbəkəsinin etibarlılığının və gücünün artırılması məqsədilə Bakının mərkəzi hissəsinin ətrafında 220 kV-luq qapalı dairəvi sistemin qurulması nəzərdə tutulur.*
N.Abbasova