Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ münaqişəsi zonasında müvəqqəti atəşkəsin elan olunması ilə bağlı oktyabrın 10-dan etibarən əldə edilmiş razılaşmaya baxmayaraq, Azərbaycan silahlı qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən mətbuat konfransında bildirib.
"Məlum olduğu kimi, bu gün müvəqqəti atəşkəs qüvvəyə minməli idi. Lakin Ermənistan tərəfi Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücumları və yaşayış məntəqələrinin atəşə tutulmasını davam etdirir. Azərbaycan Ordusu humanitar atəşkəs şəraitində bu təxribatlara cavab vermək məcburiyyətindədir", - deyə Hacıyev qeyd edib.
Onun sözlərinə görə, Ermənistanın sülhə məcbur edilməsi istiqamətində həyata keçirilən əməliyyatın birinci mərhələsi uğurla başa çatıb.
"Biz uzun illər ərzində deyirdik ki, Ermənistan status-kvonu hər vasitə ilə qoruyub saxlamağa və möhkəmləndirməyə çalışır. Ancaq bu gün Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində status-kvo dəyişdirildi, artıq təmas xətti yoxdur. İndi bizim vəzifəmiz döyüş meydanındakı uğurlarımızı diplomatik-siyasi müstəvidə uğurlara çevirməkdir", - deyə o əlavə edib.*
A.Əzizov