Azərbaycan XİN hesab edir ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Moskvaya səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həll üzrə səsləndirdiyi bəyanatlar substantiv danışıqlara qarşı yönəlib.
“Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində verdiyi açıqlamada ənənəvi olaraq bir sıra həqiqətə uyğun olmayan məqamlar əksini tapır. Bu məqamlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti yanlış təqdim etmək və beləliklə beynəlxalq ictimaiyyəti yayındırmaq məqsədini güdür. Azərbaycan tərəfi beynəlxalq hüququn norma və prinsiplərinin, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, ATƏT qərarlarının, eləcə də Moskva görüşü bəyanatının müddəalarını pozduğu üçün bu cür yanaşmanı tamamilə qeyri-konstruktiv hesab edir”, - XİN-in bəyanatında qeyd olunur.
Nazirlikdən vurğulanır ki, RF, Ermənistan və Azərbaycan XİN başçılarının Moskva görüşünün yekun bəyanatı mövcud danışıqlar formatına sadiqliyi bir daha təsdiqləyir və təməl prinsiplər əsasında mahiyyət üzrə danışıqların başlanılmasını ehtiva edir.
“Azərbaycan tərəfi ən qısa zamanda danışıqlara başlamağa hazır olduğunu bəyan etdi. Ermənistan tərəfi, öz növbəsində dərhal Moskva görüşünün bəyanatının birtərəfli və qeyri-dəqiq təfsir edən, öz müqəddəratını təyinetmə və Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qanunsuz rejimin tanınması şüarlarını əks etdirən bəyanatlar verməyə başladı”, - XİN qeyd edir. **
X.Nəsirzadə