Əgər Ermənistan Azərbaycanın boru xətlərinin sıradan çıxarılması planlarını həyata keçirərsə, onlar üçün cavab çox ağır olacaq. Bunu prezident İlham Əliyev deyib.
“Biz bu barədə artıq xəbərdarlıq etmişik. Hesab edirəm ki, gələn il TANAP-dan qaz alacaq Avropa ölkələri də onları xəbərdar etməlidir. Çünki TANAP təkcə bizim layihəmiz deyil. TANAP-ın başqa səhmdarları var, TAP-ın Avropa səhmdarları var. Bu, Avropanın enerji təhlükəsizliyi üçün müstəsna əhəmiyyət daşıyan bir layihədir. Ona görə hamımız maraqlı olmalıyıq ki, bu layihəyə hər hansı bir ziyan dəyməsin”, - deyə dövlət başçısı “Haber Türk” televiziya kanalına müsahibəsində bildirib.
O əlavə edib ki, Azərbaycan ərazisində kifayət qədər inkişaf etmiş müdafiə sistemi var.
“Azərbaycan ərazisində bizim kifayət qədər inkişaf etmiş müdafiə sistemimiz var. Monitorinq aparılır, fiziki müdafiə və elektron vasitələrlə. Boru xəttinin yerin altında, dərində yerləşməsi təbii ki, bunu havadan da müəyyən dərəcədə mühafizə edir”, - deyə prezident vurğulayıb.*
Ə.Məmmədov