Prezident İlham Əliyev bəyan edib ki, sentyabrın 27-dən Qarabağda gedən döyüşlərdə erməni hərbçilərin 2 milyard dollar dəyərində texnikası məhv edilib və qənimət götürülüb.
“Bu iki həftə ərzində Ermənistanın 200-dən çox tankı məhv edildi, 33 tank qənimət götürüldü. Yəni, 233 erməni tankı bizdədir. Ondan sonra iki S-300 qurğusu məhv edildi. Hər birinin qiymətini hər kəs bilir. Ondan sonra hava hücumundan müdafiə sistemləri – OSA-35 məhv edildi. TOR, KUB, KRUQ, karqo avtomaşınları, tank əleyhinə silahlar. Əgər hamısını hesablasan, ancaq məhv edilən və qənimət götürülən texnika 1-2 milyard dollar dəyərindədir. Sual olunur, kasıb Ermənistan, sən bu pulu haradan tapdın? Sən bunu pulla aldınmı? Xeyr. Sənə verdilər”, - deyə dövlət başçısı «Haber Türk» televiziya kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistana xaricdən silah verilməsi davam edir.
“Tovuz bölgəsində toqquşmadan sonra, iyulun 16-da münaqişə dayandı, iyulun 17-dən başlayaraq hər gün karqo təyyarələri Ermənistana silah daşıdı. Baxın, Ermənistanın dövlət büdcəsində bu maddələr var? Yoxdur. Ermənistanın valyuta ehtiyatı 1,5 milyard dollardır. Vəssalam. Onun başqa pulu yoxdur. Xarici dövlət borcu təqribən 8 milyard dollardır. Yəni, bu ölkə iflasa uğrayıb. Haradandır bu qədər ancaq məhv edilmiş, hələ nə qədər məhv ediləcək texnika? Əgər müharibə davam edərsə, biz onların bütün ordusunu məhv edəcəyik, bütün ordusunu! Ona görə onlar müharibəni nə qədər tez dayandırsalar, o qədər də tankları, topları qoruya bilərlər. Hələ Ermənistan ərazisində nə qədər var”, - deyə İ.Əliyev əlavə edib.*
X.Nəsirzadə