BP Azərbaycanın öz ərazi bütövlüyünün bərpa edilməsi uğrunda mübarizə apardığı dövrdə cari neft və qazın hasilatı və nəqli prosesinin fasiləsiz həyata keçirilməsini təmin edəcək. Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib.
“Q.Counzun Azərbaycan Respublikasının baş naziri Əli Əsədova ünvanladığı məktubda Azərbaycanın öz ərazi bütövlüyünün bərpa edilməsi uğrunda apardığı mübarizədə Azərbaycan xalqına dəstək ifadə edilib. Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyan bu dövrdə cari neft və qazın hasilatı və nəqli prosesinin fasiləsiz həyata keçirilməsini təmin etmək üçün BP heyəti tərəfindən bütün mümkün səylərin göstərildiyi qeyd olunub”, - deyə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Q.Counz Gəncə şəhərinin və eləcə də Azərbaycanın digər şəhər və kəndlərinin son günlərdə atəşə tutulması nəticəsində mülki əhali arasında itkilərin olması xəbərindən dərindən kədərləndiyini vurğulayıb, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.*
N.Abbasova