Oktyabrın 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Fransa Respublikasının xarici işlər naziri Jan-İv Lö Drian arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, telefon danışığı zamanı bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov rəsmən atəşkəs elan olunmasından sonra Ermənistan silahlı qüvvələri tərəfindən ikinci dəfə humanitar atəşkəsin pozulduğu barədə Fransa xarici işlər nazirinə məlumat verib. O qeyd edib ki, Azərbaycan mövqelərinin intensiv atəşə tutulması, Füzuli, Cəbrayıl və Hadrut istiqamətində istiqamətlərində hücum cəhdləri açıq şəkildə Ermənistanın atəşkəs rejiminə əməl etmədiyini, Azərbaycanın işğal olunmuş ərazilərindəki mövqeləri yenidən ələ keçirməyi hədəfə aldığını göstərir.
O əlavə edib ki, humanitar atəşkəsi pozmaqla Ermənistan bir daha beynəlxalq humanitar hüquqa əsasən üzərinə götürdüyü beynəlxalq öhdəliklərə biganə olduğunu nümayiş etdirir.
Nazir Jan-İv Lö Drian humanitar atəşkəsin tətbiq olunmasının vacibliyini vurğulayıb və ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında təxirə salınmadan mahiyyət üzrə danışıqların zəruriliyini qeyd edib.
“Bayramov bu müharibə cinayətinə görə Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını vurğulayıb. O, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmasının bölgədə sülhün təminatı üçün mühüm şərt olduğunu bildirib”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov