2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbat 25,5milyard kVt·st-a qədər artacaq. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir. 2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır”, - Şahbazov rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.
Nazir qeyd edib ki, bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan “Şimal-2” elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə “Qobu” elektrik stansiyası hesabına əldə ediləcək.
“Həmçinin bu prosesdə “Azərenerji” ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək”, - nazir qeyd edib.
Onun sözlərinə görə, yeni istehsal güclərinin yaradılması hesabına son 10 ildə elektrik enerjisinin istehsalında 39,7% artım əldə edilib. Ölkənin inkişafı, əhalinin artımı, sənayeləşmə prosesi ilə əlaqədar olaraq elektrik enerjisinin istehlakı 58,3% artıb, elektrik enerjisinin ötürülməsi və paylanmasında itkilər 22,4%-dən 10,2%-dək azalıb.
Nazir bildirib ki, 2019-cu ildə elektrik enerjisinin istehsalı 26,1 milyard kVt·st, istehlakı isə 21,6 milyard kVt·st təşkil edib.
«Bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq 19,4 milyard kVt·st təşkil edib”, - Şahbazov bəyan edir. **
N.Abbasova