Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət olan birləşdirilmiş sığorta xidmətləri üzrə açıq tender keçirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Tender elanına əsasən, iddiaçı qismində sığorta fəaliyyətinə lisenziyası olan sığorta şirkəti çıxış edə bilər.
Tenderdə iştirak etmək üçün iddiaçılar son 1 ildəki maliyyə vəziyyəti barədə bank arayışı təqdim etməlidirlər. İddiaçının tələb olunan kapitalı 5 milyon manatdan az olmamalıdır.
Qiymətləndirmə meyarları bunlardır: qiymət, təklif olunan xidmətlər toplusu üzrə sığorta şərtləri, şərtsiz azadolma məbləğləri və təkrarsığorta şirkətlərinin reytinqi.
İddiaçılar tender təkliflərini 3 dekabr 2020-ci il saat 18.00-a qədər təqdim etməlidirlər. Tender proseduru 4 dekabr 2020-ci il tarixində saat 15.00-da keçiriləcək. Tenderdə iştirak haqqı 300 manatdır.
Sığorta xidmətinin göstərilməsinə 01 yanvar 2021-ci il tarixindən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərilməsinə 25 yanvar 2021-ci il tarixindən başlanılır. Sığorta xidmətinin göstərilməsi müddəti 1 ildir.
Hazırda AMB-nin əsas vəsaitlərinin sığortaçısı "AtaSığorta", nağd pulun sığortaçısı "PAŞA Sığorta", nəqliyyat vasitələrinin sığortaçısı "AXA Mbask" sığorta şirkətləridir.*
A.Hüseynova