Azərbaycan işğal olunmuş ərazilərini – Dağlıq Qarabağı və ona bitişik əraziləri hələ 2000-ci illərin əvvəllərində azad etmək potensialına malik idi. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
"Hazırkı müharibə Azərbaycanın bütün üstünlüklərini özündə əks etdirir. İlk növbədə, biz mənəvi cəhətdən üstünük, çünki bu müharibə bizim üçün xalq müharibəsi, azadlıq müharibəsidir. Diplomatik sahədə də bizim çox güclü üstünlüyümüz var. Azərbaycan Ordusu hələ 2000-ci illərin əvvəllərində torpaqlarımızı geri qaytarmaq potensialına malik idi. Ancaq bu potensialın reallaşdırılması üçün müəyyən geosiyasi şəraitin yetişməsi lazım idi. Bu gün bu şərait yetişib və biz beynəlxalq hüquqa əsaslanaraq öz haqq işimizi görə bilərik", - deyə Rüstəmov AzTV telekanalının efirində bildirib.
O əlavə edib ki, Azərbaycan bu gün iqtisadi cəhətdən də Ermənistandan qat-qat güclüdür.
"Azərbaycan iqtisadiyyatını nə kəmiyyət, nə də keyfiyyət baxımından müqayisə etmək düzgün deyil. Ermənistanın iqtisadiyyatı resurssuz, nəqliyyat-logistika imkanları baxımından təcrid olunmuş iqtisadiyyatdır. Belə bir iqtisadiyyatın böyük inkişaf perspektivi yoxdur. 3 milyon əhalisi olan bir ölkə böyük işçi qüvvəsinə malik ola bilməz. Belə olan halda onların taleyi başqa ölkələrin əlavəsi olmaqdır", - deyə Rüstəmov vurğulayıb.*
Ə.Məmmədov