2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin kəsiri 677,6 milyon manat və ya ÜDM-in 1,3%-ni təşkil edib. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 17 milyard 964,6 milyon manat (icra 101,2%) təşkil edib.
Gəlirlərin strukturunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 5 milyard 672,6 milyon manat (proqnozun 102,8%-i), o cümlədən qeyri-neft sektorundan 4 milyard 249,9 milyon manat (artım 8,2%) və ya qurumun xətti ilə bütün yığımların 74,9%-i daxil olub.
Hesabat dövründə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2 milyard 955,3 milyon manat (proqnozun 101,1%-i) daxil olub.
Dövlət Neft Fondundan dövlət büdcəsinə 8 milyard 852,5 milyon manat vəsait transfert edilib, digər gəlirlər 110,3 milyon manat, büdcə təşkilatlarının büdcədənkənar gəlirləri 373,9 milyon manat təşkil edib.
III rübdə dövlət büdcəsinə daxilolmalar 5 milyard 941,8 milyon manat məbləğində olub.
2020-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin xərcləri 18 milyard 642,2 milyon manat (artım 11,7%), xərclər üzrə icra səviyyəsi 98,6% təşkil edib.
Sosial xərclər 7 milyard 171,7 milyon manat və ya hesabat dövründə dövlət büdcəsinin bütün xərclərinin 38,5%-ni təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə onların həcmi 21,8% artıb.
Yanvar-sentyabr aylarında dövlət büdcəsinin cari xərcləri 12 milyard 188 milyon manat (bütün xərclərin 65,4%-i), əsaslı xərclər 4 milyard 927,6 milyon manat (26,4%), dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 1 milyard 526,6 milyon manat (8,2%) təşkil edib.
İyul-sentyabr aylarında büdcə xərcləri 6 milyard 911,4 milyon manat təşkil edib.
2020-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 24 milyard 124 milyon manat, xərcləri üzrə proqnoz 27 milyard 492,2 milyon manat təşkil edir, büdcə kəsiri 3 milyard 368,2 milyon manat və ya ÜDM-in 4,9%-i səviyyəsində proqnozlaşdırılır.*
Ə.Məmmədov