Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini dəstəkləyir. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən mövcud yol xəritəsinə uyğun olaraq münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir. Ermənistanın baş nazirinin “münaqişənin diplomatik həlli yoxdur” deyə açıqlaması növbəti dəfə onu nümayiş etdirir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində tamamilə maraqlı deyil. Bu açıqlama ilə Ermənistan rəhbərliyi özü etiraf edir ki, Ermənistanın məqsədi Azərbaycanın işğal olunmuş ərazilərini işğal altında saxlamaqdır”, - deyə o bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın münaqişənin həlli ilə bağlı konstruktiv mövqeyinin fonunda beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri Paşinyanın bu açıqlamasından nəticə çıxarmalıdır.
“Azərbaycanın münaqişənin həlli ilə bağlı konstruktiv mövqeyinin fonunda beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistan rəhbərliyinin bu açıqlamasından nəticə çıxarmalıdır. Ermənistan rəhbərliyinin bu açıqlaması, eyni zamanda, münaqişənin diplomatik yolla həlli istiqamətində beynəlxalq ictimaiyyət tərəfindən atılan addımlara hörmətsizlikdir. Prezident İlham Əliyev beynəlxalq mediaya verdiyi son müsahibələrində və açıqlamalarında Azərbaycanın danışıqlara və münaqişənin diplomatik yollarla həllinə hazırlığını dəfələrlə bəyan edib. Ermənistan baş nazirinin bu açıqlaması iki ölkənin xarici işlər nazirlərinin Rusiyanın təşəbbüsü ilə Moskvaya işgüzar səfərindən dərhal sonraya və ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdən öncəyə təsadüf edir”, - deyə H.Hacıyev vurğulayıb.*
X.Nəsirzadə